BAKI, 14 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Pekinə İranın dəstəklənməsinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq etdiyini bildirib.
Teleqraf xəbər verir ki, ilkin mənbəyə istinadən o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Biz Çinə açıq şəkildə bildirdik ki, İrana hər hansı dəstək göstərilməsi ABŞ-Çin münasibətlərinə zərər vuracaq”, - deyə Rubio vurğulayıb.
ABŞ dövlət katibi qeyd edib ki, bu məsələ ABŞ Prezidenti Donald Trampla Çin sədri Si Cinpin arasında Pekində keçiriləcək danışıqlarda da müzakirə oluna bilər.
Qeyd edək ki, daha əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun Pekinin İranla hərbi sahədə əməkdaşlıq etmədiyini bildirmişdi.
Diplomat həmçinin qeyd edib ki, Çin İran xalqının “qanunsuz şəkildə tətbiq olunan müharibə” səbəbindən yaşadığı çətinlikləri anlayışla qarşılayır.
Xatırladaq ki, Donald Tramp mayın 13-də Çinə səfər edib və səfər mayın 15-dək davam edəcək.