BAKI, 14 may. TELEQRAF

ABŞ hərbi kəşfiyyatı hesab edir ki, Çin İran ətrafındakı münaqişədən Vaşinqton üzərində üstünlüyünü artırmaq üçün istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məxfi kəşfiyyat hesabatına yaxın mənbələrə əsasən məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin aparatında hazırlanan hesabat Donald Trampın Pekinə səfəri ərəfəsində təqdim olunub.

Sənəddə bildirilib ki, ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra Çin Fars körfəzində Vaşinqtonun müttəfiqlərinə silah satıb və Hörmüz boğazının bağlanmasından sonra enerji çatışmazlığı yaşayan ölkələrə dəstək göstərib.

Hesabatda həmçinin qeyd olunub ki, İranla müharibə ABŞ-nin böyük həcmdə silah ehtiyatlarının tükənməsinə səbəb olub. Bu ehtiyatların Tayvan ətrafında Çinlə mümkün qarşıdurma zamanı mühüm rol oynaya biləcəyi vurğulanıb.

Nəşrin yazdığına görə, münaqişə zamanı ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektləri və texnikası ciddi zərər görüb. Bunun isə Pekinə Vaşinqtonun müharibə üsullarını izləmək və gələcək əməliyyatlarını planlaşdırmaq üçün təcrübə toplamaq imkanı yaratdığı qeyd olunub.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp Tehranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə zamanı ABŞ və İsrailin zərbələri nəticəsində 3375 iranlı həlak olub.