BAKI, 14 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonunda “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, toplantıda Nazirliyin aidiyyəti yerli qurumlarının, Qazax Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı aparatının sektor müdiri Azad Hümbətov tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rauf Abbasov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.
Tədbirdə digər çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınması istiqamətində müvafiq təkliflər veriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.