BAKI, 14 may. TELEQRAF

ABŞ administrasiyası Çinin İranla bağlı daha fəal mövqe sərgiləyəcəyinə ümid edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqton Pekini Yaxın Şərqdəki vəziyyətin nizamlanması və İranın Fars körfəzindəki fəaliyyətlərinin dayandırılması üçün təsir imkanlarından istifadə etməyə çağırır.

“Bu vəziyyətin həlli Çinin də maraqlarına uyğundur. Ümid edirik ki, onları İranın hazırda etdiklərindən imtina etməsinə təsir göstərmək üçün daha aktiv rol oynamağa inandıra biləcəyik”, - deyə Rubio bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, Çin gəmiləri hazırda Fars körfəzində çətin vəziyyətlə üzləşib.

Marko Rubio əlavə edib ki, Yaxın Şərqdəki münaqişə Asiya üçün ciddi sabitlik riski yaradır. O vurğulayıb ki, Asiya ölkələri enerji resursları baxımından əsasən Yaxın Şərqdən asılıdır.