BAKI, 14 may. TELEQRAF
“İsdək” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati protokol tərtib edilib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə iş başlanıb.
Mərkəzi Bank tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən “İsdək” MMC 78881.60 ABŞ dolları məbləğində olan vəsaiti 2024-cü ildə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürüb. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 13069 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməyib, valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
MMC tərəfindən 78881.60 ABŞ dolları məbləğində pul vəsaiti “ZHEJİANG UPBEAT INDUSTRY AND TRADE CO. LTD” şirkətinin hesabına köçürülüb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “İsdək” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13069 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında olan 2613 ABŞ dolları, yəni 4443.46 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
MMC-nin direktoru apellyasiya qaydasında şikayət verib. O, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə MMC-nin şikayəti təmin olunmayıb.
Qeyd edək ki, “İsdək” MMC 24 dekabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20000 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynov İsdək Saleh oğludur.