BAKI, 14 may. TELEQRAF

İsraildə hakim koalisiya parlamentin – Knessetin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya və radio şirkəti “Kan” məlumat yayıb.

Sənədi mayın 13-də hakim “Likud” partiyasından olan deputat, koalisiya rəhbəri Ofir Kats təqdim edib. Qanun layihəsini koalisiyaya daxil olan bütün fraksiya rəhbərləri dəstəkləyib.

Məlumata görə, növbədənkənar parlament seçkilərinin tarixi Knesset komissiyasında aparılacaq müzakirələrdən sonra müəyyənləşdiriləcək.

“Kan”ın məlumatına əsasən, hakim koalisiya parlamentin buraxılması prosesinə və vaxtına nəzarəti ələ almaq məqsədilə bu addımı atıb. Parlamentin buraxılması təşəbbüsü ilk olaraq ultraortodoks dini fraksiyalardan biri tərəfindən irəli sürülmüş və müxalifət tərəfindən dəstəklənmişdi.

Səsvermənin gələn həftə keçirilməsi gözlənilir.

“Ynet” portalı yazır ki, koalisiya daxilində artıq mümkün növbədənkənar seçki tarixləri müzakirə olunur. İlkin olaraq sentyabrın 1-i və ya 15-i nəzərdən keçirilir.

Məlumata görə, dini “ŞAS” partiyası bu tarixləri dəstəkləyir. “Likud” və “Dini Sionizm” partiyaları isə erkən seçkilərin hazırkı hakimiyyət üçün sərfəli olmayacağını düşünərək seçkilərin daha gec keçirilməsini istəyirlər.

Qeyd edək ki, İsraildə siyasi böhran əsasən ultraortodoks yəhudilərin hərbi xidmətə çağırılması məsələsi ətrafında yaranıb.

Hazırkı hökumət Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə 2022-ci ilin sonunda formalaşdırılıb. Növbəti parlament seçkilərinin ilkin olaraq 2026-cı il oktyabrın 27-də keçirilməsi planlaşdırılırdı.