BAKI, 14 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı ABŞ və Bəhreynin hazırladığı BMT Təhlükəsizlik Şurası qətnaməsi bu həftə səsverməyə çıxarıla bilər.
Teleqraf xəbər verir ki, ilkin mənbəyə istinadən o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Rubionun sözlərinə görə, Vaşinqton məsələ ilə bağlı arqumentlərini Çinə təqdim edib.
“Ümid edirəm ki, bu arqumentlər onları inandıra bilib və onlar həftənin sonunadək BMT-də İranın boğazlardakı hərəkətlərini pisləyən qətnamə ilə bağlı müəyyən addımlar atacaqlar”, - deyə ABŞ dövlət katibi bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurası üzvlərini ABŞ və Bəhreynin təqdim etdiyi qətnamə layihəsini rədd etməyə çağırmışdı.
Rusiyanın BMT-dəki nümayəndəliyi isə bəyan edib ki, sənədin müəllifləri layihəyə birtərəfli və balanssız müddəalar daxil etməyə çalışırlar.
Rusiya tərəfi Təhlükəsizlik Şurası üzvlərini Yaxın Şərqdə yeni eskalasiya riskləri yarada biləcək birtərəfli sənədlərin irəli aparılmasından çəkinməyə çağırıb.