BAKI, 14 may. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi İsraillə İran əleyhinə əməkdaşlıq edən ölkələrin məsuliyyətə cəlb olunacağını bildirib.
Teleqraf xəbər verir ki, ilkin mənbəyə istinadən o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Abbas Əraqçi İsrail Baş naziri Benyamin Netanyahunun son hərbi əməliyyatlar zamanı gizli şəkildə BƏƏ-yə səfər etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İran XİN başçısı qeyd edib ki, Netanyahunun açıqladığı məlumatlar İran təhlükəsizlik xidmətləri tərəfindən daha əvvəl ölkə rəhbərliyinə təqdim olunub.
“İran xalqına qarşı düşmənçilik düşünülməmiş avantüradır. Bu məsələdə İsraillə əlbir olmaq bağışlanmazdır”, - deyə Abbas Əraqçi vurğulayıb.
O əlavə edib ki, İsraillə birlikdə regionda qarşıdurma yaratmağa çalışan tərəflər cavab verməli olacaqlar.
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi Benyamin Netanyahunun ölkəyə səfəri və İsrail hərbi nümayəndə heyətinin qəbul olunması ilə bağlı məlumatları təkzib etmişdi.