BAKI, 14 may. TELEQRAF

Ukrayna Prezidenti Vladimir Zelenskinin keçmiş ofis rəhbəri Andrey Yermak istefadan sonra cəbhəyə gedəcəyinə dair vəd verdiyi, həmçinin falçılarla əlaqə saxladığı barədə iddiaları təkzib edib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Novosti Live” nəşrinə müsahibəsində danışıb.

Andrey Yermak bildirib ki, vəzifədən azad edilərkən Vladimir Zelenski ilə arasında emosional mübahisə olmayıb:

“Ərizəmi təqdim edəndə aramızda tam normal söhbət oldu”, - deyə o bildirib.

Keçmiş məmur əlavə edib ki, istefadan sonra orduya qoşulacağı ilə bağlı yayılan məlumatlar onun jurnalistlə şəxsi yazışmalarından götürülüb və bu barədə ictimai açıqlama verməyib.

Yermak həmçinin falçılar və ezoterika ilə əlaqəsi olması barədə iddiaları da rədd edib.

Bununla yanaşı, məhkəmə prosesində prokuror onun falçıya siyasi rəqiblərinin adlarını göndərdiyini və bəzi kadr məsələləri ilə bağlı məsləhətləşdiyini iddia edən yazışmaları səsləndirib.

Ukrayna mediasının məlumatına görə, söhbət Kiyevdə yaşayan və rus dilində astroloji “Telegram” kanalı idarə edən Veronika adlı qadından gedir.

Qeyd edək ki, Andrey Yermak 2020-ci ilin fevralından Zelenski ofisinin rəhbəri olub. 2025-ci ilin noyabrında onun iri korrupsiya sxemlərində iştirakı ilə bağlı məlumatlar yayılmış, daha sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

Mayın 11-də Yermaka qarşı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin onun barəsində həbs-qətimkan tədbiri ilə bağlı qərarı mayın 14-də açıqlanmalıdır.