BAKI, 14 may. TELEQRAF
Prezident İlham Əliyev Azərbaycan Respublikasında tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb.
Teleqraf xəbər verir ki, fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb.
Yeni yaradılan Agentlik tullantıların idarə edilməsi zəncirinin bütün həlqələrinə dövlət nəzarətini və tənzimləməni həyata keçirəcək. Bura aşağıdakı istiqamətlər daxildir:
Tullantıların əmələ gəlməsi, yığılması və çeşidlənməsi;
Daşınma, yerləşdirilmə və emal prosesi;
Utilizasiya, zərərsizləşdirmə və basdırılma;
Tullantı haqlarının toplanması sahəsində dövlət nəzarəti və əlaqələndirmə.
Dövlət başçısının fərmanı ilə Nazirlər Kabinetinə bir sıra konkret tapşırıqlar verilib. Belə ki, iki ay müddətində Agentliyin əsasnaməsi, strukturu və işçilərin say həddi müəyyənləşdirilməlidir.
Həmçinin, dörd ay müddətində beynəlxalq təcrübə nəzərə alınmaqla “Tullantılar haqqında” Qanunun və digər normativ aktların təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.
Nazirlər Kabinetinə tapşırılıb ki, beş ay müddətində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya” layihəsini hazırlasın. Bu strategiya ölkənin ümumi sosial-iqtisadi inkişaf kursu ilə əlaqələndiriləcək.
Agentliyin fəaliyyətinin təşkili üçün zəruri maddi-texniki təminat və inzibati bina ilə təminat məsələləri də yaxın iki ay ərzində həllini tapacaq.