
BAKI, 8 mart. TELEQRAF
Avropa İttifaqının (Aİ) müdafiə sahəsinə 150 milyard avroya qədər kredit ayrılmasını nəzərdə tutan təşəbbüs üzv ölkələr, xüsusilə Fransa və Almaniya arasındakı fikir ayrılıqları səbəbindən çətinliklərlə üzləşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzetində Avropa diplomatlarına istinadən yazı dərc olunub.
Bildirilib ki, Almaniya kansleri Olaf Şolts və bir sıra digər Avropa liderləri bu vəsaitlərin Aİ-yə daxil olmayan, lakin müttəfiq ölkələr – Böyük Britaniya, Norveç, Türkiyə və İsveçrə ilə bağlanacaq müqavilələr üçün istifadə edilməsinin tərəfdarıdır. Lakin Fransa Prezidenti Emmanuel Makron vəsaitlərin yalnız Aİ ölkələrinin istehsalçıları üçün əlçatan olmasını istəyir.
Diplomatlar bu fikir ayrılığının Aİ-nin 1,5 milyard avroluq müdafiə sənayesi fondunun yaradılmasını bir ildən çox müddətə gecikdirən mübahisəyə səbəb olar biləcəyini bildiriblər.
Digər bir diplomat isə vurğulayıb ki, maliyyələşdirmə planı cəmi bir həftə əvvəl müzakirəyə çıxarılıb və iki həftə ərzində yekunlaşmalıdır.
Xatırladaq ki, 6 mart tarixində keçirilən Aİ sammitində Avropanın hərbiləşdirilməsi planı təsdiqlənsə də, onun maliyyə mənbələri hələlik müəyyən edilməyib. Sammit çərçivəsində Avropa Komissiyasının Aİ ölkələrinə müdafiə məqsədilə 150 milyard avro kredit verilməsi təklifi nəzərə alınıb, lakin rəsmi şəkildə qəbul olunmayıb.