
Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer-190" sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş qəzası ilə bağlı tam sığorta ödənişini həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik bildirib.
"Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış Embraer 190 təyyarəsi və həmçinin daşıyıcı şirkətin sərnişinlərə qarşı məsuliyyəti 'AlfaSığorta'da sığortalanıb. Təyyarə üçün tam sığorta məbləği fevral ayında ödənilib", - o qeyd edib.
Lakin, Kabaçnik aviasiya sığorta ödənişinin məbləğini açıqlamayıb.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.