
BAKI, 4 mart TELEQRAF
"Xəzər regionu bu gün müəyyən çətinliklərlə üzləşir. Onlardan biri də – bunu xüsusi vurğulamaq istərdim – ekoloji problemdir. Bu, təkcə gəmiçilik şirkətlərinin deyil, aidiyyəti qurumların qarşısında duran ümumi bir problemdir. Buna görə də məsələnin həll yolunu tapmalıyıq".
Teleqraf xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini Tariyel Mirzəyev “Middle Corridor via the Caspian Sea” (Xəzər dənizi vasitəsilə Orta Dəhliz) adlı forumda deyib.
O bildirib ki, su səviyyəsinin azalması Trans-Xəzər marşrutunun nəqliyyat imkanlarına ciddi təsir göstərir:
“Təkcə Qazaxıstan tərəfdə suyun səviyyəsinin azalması nəticəsində bərələrin nəqliyyat imkanları təxminən 22%-ə qədər azalır. Türkmənistan istiqamətində isə bu göstərici təxminən 37%-ə çatır. Əlbəttə, bu ciddi bir çətinlikdir, lakin bu, o demək deyil ki, onun həlli üzərində heç kim işləmir. Bütün tərəflər – limanlar, gəmiçilik şirkətləri, dəmir yolları və digər aidiyyəti qurumlar – bu məsələ üzərində çalışır. Limanlar Aktau, Kurık, Türkmənistan və Ələt bölgələrində mütəmadi olaraq bölgə işləri aparır. Gəmiçilik şirkətləri yeni gəmi dizaynlarında dayaz sulardan istifadəyə uyğunlaşmanı nəzərə alır. Biz bu problemlə yaşamağın yollarını tapmağa çalışırıq.
Lakin son araşdırmalar göstərir ki, bu problemi kökündən həll edə bilməyəcəyik. Çünki bu, bir dəfəlik baş verən bir hal deyil, əksinə, davamlıprosesdir. Qarşıdakı bir neçə onillik ərzində Xəzərin dayazlaşacağını ehtimal edirik".