
BAKI, 4 mart. TELEQRAF
Rusiyanın "Zenit" klubunun futbolçusu Duqlas Santos qeyri-adi halla qarşılaşıb.
Teleqraf xəbər verir ki, 31 yaşlı müdafiəçi iki milli komandadan təklif alıb. O, həm vətəni Braziliya, həm də ötən ilin oktyabr ayında vətəndaşlığını qəbul etdiyi Rusiya yığmalarına dəvət olunub.
Santos 28 fevralda Braziliyanın 2026-ci il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün açıqlanan geniş heyətində, 3 martda isə Rusiyanın yoldaşlıq görüşləri üçün geniş heyətində yer alıb. O, hələlik seçimini etməyib.
Duqlas Santos 2019-cu ildən "Zenit"in şərəfini qoruyur. O, daha əvvəl Braziliya millisinin heyətinə 1 oyun keçirib. Santos 2016-cı ildə Panama seçməsinə qarşı yoldaşlıq görüşündə iştirak edib. O, U-23 yığması ilə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Qeyd edək ki, FIFA-nın ümumi qaydasına görə, idman vətəndaşlığının dəyişdirilməsinə yalnız bir dəfə icazə verilir. Santos isə artıq 2024-cü ilin 6 noyabrında idman vətəndaşlığını Braziliyadan Rusiyaya dəyişib. Bununla belə, bu qayda üçün bir istisna var, əgər futbolçu yeni milli komandasında heç bir oyun keçirməyibsə (rəsmi və ya qeyri-rəsmi), o zaman idman vətəndaşlığının geri dəyişməsinə icazə verilir. Bunun üçün Santos yenidən FIFA-ya müraciət etməlidir. Beynəlxalq federasiyanın qərarı olmadan Santos Braziliya millisində oynaya bilməyəcək.