BAKI, 4 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası yüksək rütbəli hərbçilərə Ağ Evdən təsdiq almadan rəsmi olaraq terrorçu təşkilat kimi tanınan hədəflərə hava zərbələri endirmək üçün yeni qaydalar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə “Military Times” məlumat yayıb.

“Müvafiq qaydanın qəbul edilməsi hərbi qüvvələrin səlahiyyətlərinin və müstəqilliyinin artırılmasının, həmçinin terrorizmə qarşı mübarizənin effektivliyinin artırılmasının zəruri olduğunu göstərir. ABŞ-nin keçmiş Prezidenti Co Baydenin administrasiyası, hərbi komandanlığın fəaliyyət azadlığını həddindən artıq məhdudlaşdırıb və bunun nəticəsində terror təhdidlərinə yavaş reaksiya verilib. ABŞ-nin hava zərbələrinə qoyulan məhdudiyyətlərin yüngülləşdirilməsi, Tramp administrasiyasının terrorizmə qarşı mübarizədə səylərini artırmaq məqsədilə Meksika ilə sərhədə amerikalı hərbçilərin göndərilməsi fonunda baş verir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, Pentaqon bu yeniliklər barədə rəsmi açıqlama verməyib.