
BAKI, 4 mart. TELEQRAF
2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Çindən konteynerlə yükdaşımalar 33 dəfə artıb.
Teleqraf xəbər verir ki, bunu "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM, Orta Dəhliz) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu göstərici artmaqda davam edir.
"2025-ci ildə bu göstəricini iki dəfə artırmağı planlaşdırırıq. "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasına 25 logistik nəqliyyat limanı və terminalı sahəsində fəaliyyət göstərən şirkət daxildir. Daşımaların Xəzər dənizi üzərindən aparılması hədəflənib. Bildiyiniz kimi, "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası neft daşımaları ilə cüzi şəkildə məşğul olur. Əsasən mineral və quru yük daşımaları reallaşdırırıq. 3,3 milyon ton yük daşınıb. Bunun 1,5 milyon tonunu neft təşkil edir. 2025-ci ildə yük daşımaların həcmi 4,2 milyon ton olmaqla 2,5 milyon ton quru yük və 1,7 milyon tonn neft təşkil edəcək. Ümumilikdə bu il Orta Dəhliz vasitəsilə 5,2 milyon ton yük daşınması gözlənilir".
Assosiasiyanın baş katibi bildirib ki, 2025-ci il üçün təsdiqlənmiş planın icrası üçün dəmir yolu, liman administrasiyaları, yükdaşıma operatorları, eləcə də gəmiçilik şirkətləri yüklənmiş vaqonların, konteynerlərin sərhəd keçid məntəqələrində, Xəzər və Qara dəniz sahilində yerləşən liman stansiyalarında əsassız gecikmələrinin, dayanmalarının qarşısını almalıdır.