BAKI, 4 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2025-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Regional Mərkəzi tərəfindən “Xilasetmə manqa komandirləri” və “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Muğan Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndələri”, “Yanğınsöndürmə manqasının komandirləri”, “Təlim–tərbiyə işləri üzrə direktor müavinləri” və “İctimai təhlükəsizliyin mühafizəsi manqasının komandirləri”, Şimal Regional Mərkəzi tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” və “Ümumtəhsil orta məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri” və “Gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbərlər”, Aran Regional Mərkəzi tərəfindən “Xilasetmə manqalarının komandirləri” və “Kəşfiyyat manqalarının komandirləri”, Gəncə Regional Mərkəzi tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər”, Qarabağ Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” və “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Cənub Regional Mərkəzi tərəfindən “Təlim-tərbiyə işləri üzrə direktor müavinləri”, Gəncə Regional Mərkəzi tərəfindən “Xilasetmə manqa komandirləri” və “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara dair fotoslayd və videoçarxlar nümayiş etdirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.