BAKI, 28 fevral. TELEQRAF

Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusu müəyyənləşir.

Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Bildirilib ki, “Aviasiya haqqında” qanununun 4-cü və 5-ci fəslinin müddəaları aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasın nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur.

Həmçinin Azərbaycanın tərəfdar çıxdığı “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyasına Əlavə 13-ün tələblərinə əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər aviasiya hadisələri və insidentlərinin araşdırılması məqsədilə mülki aviasiya qurumundan və onun fəaliyyətinə müdaxilə edə bilən digər qurumlardan müstəqil qurum yaratmalıdırlar. Müvafiq qurum tam müstəqil formada təsis edilməlidir.

Buna uyğun olaraq aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanuna yeni anlayışın əlavə edilməsi təklif olunur.

Bundan başqa, Azərbaycanda aerodrom istismarı ilə bağlı dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası təmin olunacaq. Aerodrom istismarçısı anlayışı aerodromu istismar edən fiziki və ya hüquqi şəxslə məhdudlaşır. Layihə ilə təklif olunan dəyişikliyə əsasən buraya dövlət orqanı da əlavə edilir. Bununla da aerodromu istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsasının yaradılması təmin olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.