
BAKI, 28 fevral. TELEQRAF
İnzibati məsuliyyətə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması halları “Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli Qanunun tələblərinə uyğun olaraq yenidən müəyyən ediləcək.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Belə ki, “Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər 4 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.
Satınalan təşkilat tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyacları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutmasına görə vəzifəli şəxslər 6 min manatdan 8 min manatadək məbləğdə cərimə ediləcək.
Müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş məlumatların və elanların özlərinin rəsmi internet səhifələrində yerləşdirilməməsinə görə vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetinin ayrı-ayrı hissələrə (müqavilələrə) bölünməsinə görə vəzifəli şəxslər 2 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalma komissiyası tərəfindən təchizatçıların satınalmalarda iştirakının məhdudlaşdırılmasına, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblərin, meyarların və prosedurların müəyyənləşdirilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcək.