BAKI, 23 mart. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Baş nazir Nikol Paşinyanın bəzi müxalif qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə ölkənin ən gec 2026-cı ilin sentyabrında Azərbaycanla yeni müharibə ilə üzləşəcəyi barədə açıqlamasını şərh edib.

Teleqraf xəbər verir ki, o, bu mövzuya parlamentdə jurnalistlərlə keçirdiyi brifinq zamanı toxunub.

Ararat Mirzoyan hesab edir ki, Nikol Paşinyanın məğlubiyyəti halında ölkə yeni müharibə təhlükəsi ilə üzləşə bilər.

“Düşünürəm ki, baş nazir bu tarixi şərti olaraq deyib, yəni seçkilərdən qısa müddət sonranı nəzərdə tutur. Belə bir perspektivin ola biləcəyi isə şübhəsizdir. Müxalifətin bəzi dairələrinin ideologiyası ondan ibarətdir ki, demək olar bütün qonşu ölkələrlə ərazi problemləri var və bizim onlara qarşı ərazi iddialarımız mövcuddur. Bu düşüncə ilə hakimiyyətə gələn insanlar dərhal qonşularla problemlərlə üzləşəcəklər.

Biz isə bəyan edirik ki, ölkəmizə sülh lazımdır. Başqa şəraitdə isə təkcə Ermənistanın inkişafı deyil, hətta onun müstəqil dövlət kimi mövcudluğu belə ciddi sual altına düşə bilər. Bizim vətəndaşlara təklifimiz sülhdür”, - nazir bildirib.