TBİLİSİ, 24 sentyabr. TELEQRAF

Almaniyanın Gürcüstandakı səfirinə izah edilib ki, Vyana Konvensiyasına əsasən diplomatik missiyanın üzvünün dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi var.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə səfirin diqqətinə çatdırılıb ki, Gürcüstan tərəfi ölkədə radikal gündəmi təşviq etmək cəhdlərindən narahatdır və bu da öz növbəsində demokratiya prinsiplərinə ziddir və cəmiyyətin qütbləşməsinə xidmət edir. Qeyd olunub ki, Gürcüstanda davam edən məhkəmə proseslərini siyasiləşdirmək cəhdləri və səfirlərin bu prosesdə iştirakı narahatlıq doğurur.

XİN-dən bildirilib ki, Gürcüstan hökuməti ona qarşı aparılan məqsədyönlü kampaniyalara baxmayaraq, münasibətlərə böyük əhəmiyyət verir:

“Hesab edirik ki, bu cür hərəkətlər iki ölkə arasında illər ərzində qurulmuş tərəfdaşlıq münasibətlərinə xələl gətirir. Xarici İşlər Nazirliyi ümid edir ki, diplomatik nümayəndələrin fəaliyyəti gələcəkdə ölkələr arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq prinsiplərinə əsaslanacaq”.

Qeyd edək ki, bu gün Almaniya səfiri Peter Fişer Gürcüstan XİN-ə çağırılıb. Səfir jurnalistlərə açıqlamasında deyib ki, bu addım dost ölkələr arasında olduqca qeyri-adidir. O, Gürcüstanın müasir tarixində Almaniya səfirinin XİN-ə çağırılmasının ilk dəfə baş verdiyini vurğulayıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, Almaniya səfiri müstəqil məhməkə sisteminə təzyiqə cəhdlə radikal müxalifətin fəaliyyətində birbaşa iştirak edir.