BAKI, 24 fevral. TELEQRAF

Ermənistanın Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb ola biləcək tələsik addımlar atmaması vacibdir.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.

Onun fikrincə, Ermənistanda Avropaya inteqrasiya mövzusu daha çox daxili siyasi xarakter daşıyır və yeni mövzu deyil:

“2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən, xüsusilə 2020-ci ildən (44 günlük müharibədən) sonra avropapərəst ritorika kəskin şəkildə güclənib. Bu, hazırda bir sıra ictimai-siyasi partiyaların Aİ-yə üzvlüklə bağlı referendum keçirmək təşəbbüsündə özünü göstərir.

Rusiyanın rəsmi mövqeyi hamıya yaxşı məlumdur. Ermənistanın eyni anda həm Avrasiya İqtisadi Birliyi, həm də Aİ-yə üzvlüyü mümkün deyil. Hesab edirəm ki, həm Ermənistan, həm də ciddi prosesə başlamaq istəməyən Brüssel bunu anlayır. Ermənistanın Aİ-yə üzvlük məsələsinin praktiki olmadığını deyən Peter Stano və digər Avropa rəsmilərinin çıxışları bunu sübut edir.​​​​​ Bu və digər amillərə görə Ermənistanın gündəliyi daxili siyasi xarakter daşıyır”.

Areşevin fikrincə, dinamik dəyişən dünya kontekstində Rusiyanın Cənubi Qafqazdan çıxması ilə bağlı gözləntilər özünü doğrultmayacaq:

“Bu, ilk növbədə, yüksək səviyyəli Rusiya-Amerika məsləhətləşmələrinin başlanması ilə bağlıdır. Avropanın mövqeyi də diqqətdən kənarda qalmamalıdır. Ermənistanın Rusiya ilə iqtisadi münasibətlərin daha da pisləşməsinə səbəb ola biləcək tələsik addımlar atmaması vacibdir ki, bu da hər iki tərəf üçün faydalıdır.

Moskva və İrəvan əlaqələri genişləndirməkdə maraqlıdırlar. Qərb istiqamətində davam edən çətinliklər kontekstində Qafqaz regionunun Rusiya üçün əhəmiyyəti vacibdir. Bu baxımdan mənə elə gəlir ki, Ermənistan üçün Avropa perspektivlərinin müzakirəsi ilk növbədə daxili siyasi xarakter daşıyır və müəyyən mənada ictimai rəyin manipulyasiyasıdır. Bu da kifayət qədər ciddidir, Ermənistan və Rusiyada ictimai rəydə müəyyən dəyişikliklərə səbəb ola bilər”.