BAKI, 16 noyabr. TELEQRAF

“Moskva sülh danışıqları çərçivəsində maksimalist tələblər irəli sürür, buna görə də Avropa hansısa mövzunun müzakirəsinə başlamazdan əvvəl Rusiyaya maksimum təzyiq göstərilməsinə və Ukraynada atəşkəsin təmin olunmasına fokuslanmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Rusiyanın tələbləri həqiqətən də absurddur. Tarixə nəzər salsaq, bu ölkələrin heç biri (Aİ və NATO üzvləri) heç vaxt Rusiyaya hücum etməyib. Moskva həmişəki ssenarisi üzrə hərəkət edir: əvvəlcə tələblər irəli sürür, sonra onlara yenilərini əlavə edir. Bu tələblərin bir hissəsindən imtina etsələr, daha mülayim görünə bilərlər. Amma biz baş verənlərin mahiyyətini aydın dərk etməliyik”, - Kallas bildirib.

O, Avropanın Moskvaya təsir göstərmək üçün əlindəki vasitələrdən - sanksiyalardan və dondurulmuş Rusiya aktivlərindən istifadə etməyin vacibliyini vurğulayıb.

Kaya Kallas xatırladıb ki, Rusiyanın mülki əhaliyə zərbələr endirmək taktikası sərt qış şəraitində Ukraynanı kapitulyasiyaya məcbur etmək məqsədi daşıyır.

Onun fikrincə, Avropanın əsas vəzifəsi daha geniş məsələlər də daxil olmaqla, hansısa müzakirəyə başlamazdan əvvəl atəşkəsə nail olmaqdır: “Avropanın maksimalist tələblər siyahısı Rusiyanın irəli sürdüyü maksimalist tələbləri tarazlaşdırmağa xidmət edir”.