BAKI, 14 noyabr. TELEQRAF

Rusiya Konstantinovka şəhərini mülki əhalinin müdafiəsi adı altında həyata keçiriləcək "humanitar əməliyyat" vasitəsilə ələ keçirməyə çalışır.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Konstantinovkanı hərbi yolla ələ keçirə bilmədiyi üçün Ukrayna qoşunlarının şəhərdən çıxmasını istəyir.

Volodimir Zelenski ABŞ nümayəndələrinə şəhərdə döyüşlərin davam etdiyini və orada silahlı Ukrayna hərbçiləri ilə Rusiya işğalçı qüvvələrinin qarşı-qarşıya olduğunu izah etdiyini bildirib:

"Ukrayna mülki əhalinin şəhərdən təxliyəsi üçün bütün imkanlardan istifadə edir. Lakin Konstantinovkanın Rusiyaya təhvil verilməsi Donbasda növbəti hücumların qarşısını almağı çətinləşdirə bilər. Şəhərin ələ keçirilməsindən sonra Rusiya qoşunları Kramatorsk və Slavyanska doğru irəliləməyə çalışacaq".