BAKI, 16 noyabr. TELEQRAF

9 aylıq gömrük statistikasına əsasən xarici ticarət balansının profisiti 10,5 milyard ABŞ dolları səviyyəsində formalaşıb.

Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, cari əməliyyatlar balansının 6 aylıq rəqəmlərə baxdıqda, burada 4,7 milyard ABŞ dollarıq profisit görünür: "Bu da ümumi daxili məhsulun 12,4%-i deməkdir. Bizim proqnozlarımıza əsasən 2026-cı ilin sonuna cari əməliyyatlar balansının profisiti 8,5 milyard ABŞ dolları olacağı gözlənilir. 2027-ci ilin sonuna isə 5,5 milyard ABŞ dolları ətrafında cari əməliyyatlar balansının profisiti proqnozlaşdırılır. Ölkəmizin strateji valyuta ehtiyatları 4,1% artaraq 10 ayın nəticələrinə əsasən 88,6 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu isə kifayət qədər böyük yastıq deməkdir.
AMB sədri bildirib ki, strateji valyuta ehtiyatlarımız 40 aylıq mal və xidmətlərin idxalını ödənilməsinə kifayət edir. Manatla geniş pul kütləsini 3,3 dəfə, birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir. Bu ümumiyyətlə böyük bir nailiyyətdir və böyük bir xarici şoklara qarşı böyük bir yastıqdır. Sözsüz ki, bu nəticələri biz möhtərəm cənab Prezident tərəfindən həyata keçirilən düşünülmüş siyasətin nəticəsində əldə edə bilmişik”.