BAKI, 16 noyabr. TELEQRAF

Estoniyanın Tartu Apellyasiya Məhkəməsi keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal tərəfindən hərbi cinayətlərə görə məhkum edilmiş “Serb Krajina Respublikasının prezidenti” Milan Martiçin vaxtından əvvəl şərti azadlığa buraxılması barədə vəsatəti rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın ERR portalı məlumat yayıb.

Martiçin vəkili Tartu Rayon Məhkəməsinin şərti azadlığa buraxılmadan imtina qərarının ləğv edilməsini və müvəkkilinin azadlığa buraxılmasını istəyib. Müdafiə tərəfi bildirib ki, məhkum artıq 24 ildən çoxdur həbsdədir, həbsxana qaydalarına əməl edib və yeni cinayətlər törətmək təhlükəsi yaratmır. 71 yaşlı Martiç özü isə məhkum edilməsini “siyasi motivli” hesab edərək, səhhətinin yaxşı olmadığını deyib.

Apellyasiya Məhkəməsi isə onun azadlığa buraxılması üçün əsas görməyib. Məhkəmə bildirib ki, Martiç törətdiyi cinayətləri pisləməyib və cəzasını hələ də ədalətsiz hesab edir. Cinayətlərin ağırlığını və məhkumun peşmançılıq nümayiş etdirməməsini nəzərə alan məhkəmə cəzanın çəkilməsinin davam etdirilməsini əsaslı hesab edib.

Xatırladaq ki, 1994-1995-ci illərdə Xorvatiya ərazisində özünü müstəqil elan etmiş “Serb Krajina Respublikasının prezidenti” olmuş Milan Martiç qeyri-serblərə qarşı törədilmiş cinayətlərə görə 35 il müddətinə azadlıqdan məhrum edilib. O, 2009-cu ildən həbsdədir.