BAKI, 13 noyabr. TELEQRAF

“Avropa İttifaqı (Aİ) Ukrayna ilə Rusiya arasında sülh danışıqlarında ittifaqı təmsil edəcək şəxsləri artıq müəyyənləşdirib”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Kallasın sözlərinə görə, Avropanın təhlükəsizliyi ilə bağlı danışıqlarda Avropa Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və özü təmsil olunmalıdır.

“Dövlət və hökumət başçıları istəsələr, başqa qərar da qəbul edə bilərlər. Amma sizi əmin edirəm, bu, çox çətin vəzifə olacaq. Mövcud razılaşmalara əməl etmək daha asandır”.

Aİ-nin ali nümayəndəsi vurğulayıb ki, Rusiyanın Avropanı danışıqlarda kimin təmsil edəcəyinə təsir etmək hüququ olmamalıdır:

“Rusların nümayəndələrimiz haqqında nə dedikləri bizi niyə narahat etməlidir? Məgər biz onların nümayəndələrinin kim olmalı olduğu barədə fikir bildiririk? Nəhayət, hər kəsin öz nümayəndələrini müstəqil seçmək hüququ var”.

Almaniya Kansleri Fridrix Merts isə hesab edir ki, danışıqlarda aparıcı rolu Almaniya, Fransa və Böyük Britaniya oynamalıdır: “Zərurət yaranarsa, bu formata İtaliya və Polşa da qoşula bilər”.

Mertsin sözlərinə görə, hazırda əsas məsələ Avropa nümayəndələrinin kimliyi deyil, Rusiya Prezidenti Vladimir Putinin danışıqlara hazır olub-olmamasıdır.

Lüksemburqun Baş naziri Luk Friden və Latviya Baş naziri Andris Kulberqs isə Antonio Koştanın danışıqlarda iştirakını dəstəkləyib.

Xatırladaq ki, Ukrayna və Rusiya ABŞ-nin vasitəçiliyi ilə noyabrın 10-da, bir neçə aylıq fasilədən sonra danışıqları bərpa edib.