BAKI, 13 noyabr. TELEQRAF
“Avropa Şərqi Avropada yeni təhlükəsizlik qaydalarının onun iştirakı olmadan müəyyən edilməsinə imkan verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
“Biz yalnız Rusiya Prezidenti (Vladimir Putin), yaxud, məsələn, ABŞ-dən kiminsə bunu istəməsi səbəbindən yeni təhlükəsizlik arxitekturası qurmayacağıq. Bu, qətiyyən mümkün deyil. Məmnuniyyətlə deyə bilərəm ki, Avropada bu məsələ ilə bağlı yekdil və güclü mövqe görürəm”, - Tusk qeyd edib.
“The Telegraph”ın bundan əvvəl yazdığına görə, Əbu-Dabidə ABŞ və Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti NATO ilə bağlı bir sıra məhdudiyyətlərin tətbiqini tələb edib. Moskvanın tələblərinə alyansın gələcək genişlənməsindən imtina edilməsi, 1997-ci ildən sonra NATO-ya üzv olmuş ölkələrdə hərbi mövcudluğun azaldılması, Ukrayna, Şərqi Avropa və postsovet məkanının digər dövlətləri ilə hərbi əməkdaşlığın məhdudlaşdırılması daxildir. 1997-ci il sərhədlərinə qayıdış NATO-nun hazırkı 32 üzv dövlətindən ən azı 16-sında alyansın qoşunlarının və silahlarının çıxarılmasını nəzərdə tutur. Bunlara Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvləri, Baltikyanı ölkələr, keçmiş Yuqoslaviyanın altı respublikasından dördü, həmçinin Albaniya, Finlandiya və İsveç daxildir.