BAKI, 16 noyabr. TELEQRAF
Görülən işlərin nəticəsində cari ilin gözlənilən göstəriciləri nəzərə alınmaqla 2022–2026-cı illərdə ÜDM-in orta illik artımı 2,7 faiz təşkil edəcək.
Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, qeyri-neft-qaz sektorunun orta illik artımı isə 5,2 faiz olacaq ki, bu da Strategiyada müəyyən edilmiş hədəfdən yüksəkdir. Cari ilin yanvar–oktyabr aylarında isə ÜDM 1,7 faiz, qeyri-neft-qaz sektoru 2,9 faiz artıb:
"2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla, 2022–2026-cı illərdə orta illik artım qeyri-neft-qaz sənayesində 6 faizə yaxın, nəqliyyatda 8 faiz ətrafında, informasiya və rabitədə 13 faizədək olacaq, turizmdə isə 18 faizi ötəcək. Cari ilin 10 ayında isə qeyri-neft-qaz sənayesində artım 5,9 faiz, nəqliyyatda 10,2 faiz, informasiya və rabitədə 9,9 faiz təşkil edib. Aşağı artım templəri müşahidə olunan sahələrə gəldikdə isə: kənd təsərrüfatı 2022-2026-cı illərdə təxminən 2 faiz, 2026-cı ilin 10 ayında 1.4 faiz artıb. Ticarət 2022–2026-cı illərdə 3,5 faiz, 2026-cı ilin 10 ayında 3,8 faiz artıb. Sosial və digər xidmətlər 2022–2026-cı illərdə 2,9 faiz, 2026-cı ilin 10 ayında 1.4 faiz artıb".
Mikayıl Cabbarov bildirib ki, qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar qlobal qeyri-müəyyənlik nəzərə alınmaqla konservativ yanaşma əsasında hazırlanıb:
"Proqnozlarda büdcə siyasətində son illərdə həyata keçirilən fiskal optimallaşdırma prinsipi əsas götürülüb: bunlara - əsaslı xərclərin səmərəliliyinin artırılması, resurslardan qənaətlə istifadə və daha az xərclə daha yüksək nəticənin əldə edilməsi aid edilə bilər.
Bu şərtlər daxilində 2027-ci ildə ÜDM-in 2,7 faiz artacağı gözlənilir. 2027–2030-cu illər üzrə orta illik iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz olacağı proqnozlaşdırılır. Bu dövrdə qeyri-neft-qaz sənayesində orta illik artımın 7 faizdən, informasiya və rabitədə 11 faizdən, turizmdə isə 8 faizdən yüksək, nəqliyyatda təqribən 5 faiz, kənd təsərrüfatında isə 2,8 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2025-ci ildəki 71,5 faizdən 2030-cu ildə 82 faizə yüksəlməsi proqnozlaşdırılır".