BAKI, 16 noyabr. TELEQRAF

"Daxili bazarın həcmi nəzərə alınmaqla, ixracyönümlü inkişafın sürətləndirilməsi strateji vəzifədir. Əmtəə ixracı subsidiyalar və digər dəstək alətləri vasitəsilə artıq fəal təşviq edilir. Bu sahədə əsas prioritet yerli resurslara əsaslanan sənaye sahələridir: metallurgiya, kimya, əczaçılıq, qida emalı, pambıq emalı və toxuculuq. Təsadüfi deyildir ki, 2026-cı ildə qəbul edilən 3 Dövlət Proqramında da bu sahələrin bir çoxu əhatə edilir".

Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, xidmətlər ixracı böyük potensiala malikdir: "Belə ki, beynəlxalq təşkilatların hesablamalarına görə, yuxarı-orta gəlirli ölkələrlə müqayisədə xidmətlər ixracının ÜDM-ə nisbətinin yüksəlməsi imkanları böyükdür. Söhbət nəqliyyat və logistika, maliyyə xidmətləri, turizm, işgüzar xidmətlər, informasiya texnologiyaları və data mərkəzlərindən gedir. Xidmətlər ixracının genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla birgə diaqnostika aparılır. Bu istiqamət aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən sahə siyasətləri ilə sıx əlaqəlidir".