BAKI, 16 noyabr. TELEQRAF

“Avropa İttifaqının (Aİ) Ukrayna üzrə aydın mandatı olan danışıqlar qrupu təyin etməyə hazır olmaması avropalıların Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda “uşaq masası”nda oturmağa məcbur qalması ilə nəticələndi”.

Teleqraf xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinqer deyib.

“Mən artıq bir ildən çoxdur Aİ-nin aydın mandatı olan danışıqlar qrupunun yaradılması barədə razılığa gəlmək üçün bu qədər vaxt sərf etməsini tənqid edirəm. Avropa Əbu-Dabidə “uşaq masası”nda oturmuşdu”, - nazir Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə müsahibəsində bildirib.

Maynl-Rayzinqer qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üçün indiyədək Avropa İttifaqında çatışmayan dialoqa hazır olmaq vacibdir.

“Bizə hər iki komponent - sərt mövqe və dialoq lazımdır”, - Avstriya xarici işlər naziri əlavə edib.

O vurğulayıb ki, Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsi üzrə danışıqları dörd əsas istiqamətdə (siyasi, təhlükəsizlik, humanitar və iqtisadi) aparmağı planlaşdırır. Proses NATO, ATƏT, “Könüllülər Koalisiyası” və Avropa Şurası ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək.