BAKI, 16 noyabr. TELEQRAF
“Ermənistanda həbs qətimkan tədbiri qeyri-adekvat tətbiq olunur, qanun isə seçici şəkildə, çox vaxt hakimiyyətin opponentlərinə qarşı işlədilir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən müxalif “Ayakve” hərəkatının koordinatoru Avetik Çələbyan deyib.
O bildirib ki, Ermənistanda azadlıqdan məhrum edilmiş şəxslərin 47 faizi barəsində həbs qətimkan tədbiri seçilmiş, amma hələ məhkəmə hökmü çıxarılmamış şəxslərdir: “Son üç ayda belə şəxslərin sayı 100-dən çox artıb. Əksəriyyəti siyasi motivlərlə həbsdə saxlanılır”.
Çələbyan vurğulayıb ki, həbsxanalarda saxlanılan vətəndaşların təxminən yarısı barəsində hələ də məhkəmə hökmü çıxarılmayıb.
Siyasətçi digər ölkələrlə müqayisəli göstəriciləri də təqdim edib. Onun sözlərinə görə, hökmü hələ elan edilməmiş həbsdə olan şəxslərin ümumi məhbus sayındakı payı Avropa üzrə orta hesabla 25, Rusiyada 30, Gürcüstanda 22, Azərbaycanda 22, Türkiyədə 17, Bolqarıstanda 7 və Ermənistan 47 faiz təşkil edir.
Çələbyan qeyd edib ki, özünü “demokratiyanın qalası” kimi təqdim edən Ermənistanda vəziyyət bütün qonşu ölkələrlə müqayisədə daha pisdir.
Müxalifətçinin fikrincə, bu vəziyyətin səbəblərindən biri Cinayət Prosessual Məcəllənin 118-ci maddəsindəki müddəaların kifayət qədər dəqiq olmamasıdır. Onun sözlərinə görə, bu, məhkəmələrə faktiki əsaslandırma olmadan həbs qətimkan tədbiri seçmək imkanı verir.
Avetik Çələbyan bildirib ki, məhkəmələr çox vaxt alternativ qətimkan tədbirlərinin təqsirləndirilən şəxsin lazımi davranışını təmin edə bilməyəcəyini deməklə kifayətlənirlər.
Xatırladaq ki, Avetik Çalabyanın özü də iyunun 24-də iki ay müddətinə həbs edilmişdi. Müxalifətçi “seçki hüququnun həyata keçirilməsinə maneçilik törətməyə hazırlaşmaqda” ittiham olunurdu. Avqustun 21-də məhkəmənin qərarı ilə həbsdən azad edilib.