BAKI, 16 noyabr. TELEQRAF
Qazaxın Aşağı Salahlı kəndində Tamerlan Sadıqovun qətlində ittiham olunan Xaliq Məmmədrzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Xaliq Məmmədrzayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2025-ci il avqust ayında Baş Prokurorluq tərəfindən həyata keçirilən kompleks tədbirlərlə Tamerlan Sadıqovun qətlə yetirilməsi müəyyən edilib.
Bundan əvvəl Qazax rayonun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Tamerlan Sadıqovun həmin ilin martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 5 ay sonra aparılan istintaq hərəkətləri ilə T.Sadıqovun həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılması üzə çıxıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
T.Sadıqovun meyiti basdırıldığı yerdən qazılaraq çıxarılıb. Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
İstintaq sənədlərinə əsasən, hadisə qısqanclıq zəminində baş verib.