BAKI, 16 noyabr. TELEQRAF

“Ermənistan hakimiyyəti silahlı qüvvələri faktiki olaraq “fəhlə-kəndli ordusu”na çevirir”.

Teleqraf xəbər verir ki, parlamentdəki müxalif “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan hakimiyyətin müəyyən sosial qrupların nümayəndələrinə hərbi xidmətdən möhlət verməsini və ya onları xidmətdən azad etməsini tənqid edib.

Parlamentin Müdafiə Məsələləri Komitəsinin iclasında elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan dünyada ən yaxşı 50 universitetdə təhsil alan və daha sonra Ermənistan üçün strateji əhəmiyyət daşıyan qurum və sahələrdə işə başlayan şəxslərin hərbi xidmətdən möhlət və ya azadolma yaş həddinin artırılmasını nəzərdə tutan qanun layihəsini təqdim edib.

Manukyan bu məsələ ilə bağlı qeyd edib ki, Nikol Paşinyan hökuməti əvvəlki hakimiyyətləri daim tənqid edərək, həmin dövrdə orduda yalnız yoxsul ailələrin övladlarının xidmət etdiyini bildirir. Deputatın fikrincə, indiki hakimiyyət müəyyən vətəndaş kateqoriyalarına müvafiq güzəştlər tətbiq etməklə bu vəziyyəti daha da dərinləşdirir:

“Sabah və ya birisi gün iqtisadiyyat naziri də analoji qanun layihəsi ilə çıxış edərək, “astronomik turizm”in inkişafı naminə “Miçelin” ulduzu qazanmış aşpazların hərbi xidmətdən azad edilməsini təklif edə bilər. Və bu, belə davam edə bilər. Belə olan halda orduda sonda kimin xidmət edəcəyi məlum deyil”.

Nazirliyin qanun layihəsinə dair əsaslandırmasında qeyd olunur ki, xarici universitetlərdə təhsil alan Ermənistan vətəndaşları təhsil proqramlarının uzunmüddətli olması səbəbindən bəzən hazırkı 27 yaşlıq çağırış həddinə çatana qədər təhsillərini başa çatdıra bilmirlər. Qurum hesab edir ki, bu problem xüsusilə doktorantura tələbələri üçün daha aktualdır. Onlar, bir qayda olaraq, təhsillərini 27-28 yaşlarında başa vururlar. Müvafiq möhlət hüququndan yararlana bilmələri üçün isə onların ən azı daha 3 il müddətində hərbi çağırışa tabe olmaları tələb olunur.