BAKI, 24 iyul. TELEQRAF

“Kansler Fridrix Mertsin hökumətdə apardığı kadr dəyişiklikləri ölkədə vəziyyəti daha da qarışdırıb, Almaniyada növbədənkənar seçkilər keçirilməlidir”.

Teleqraf xəbər verir ki, bunu “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel deyib.

“Merts hökumətdə etdiyi dəyişikliklərlə güclü və qətiyyətli addım atmaq istəsə də, bunun əvəzinə daha böyük xaos yaratdı. Hakimiyyətin daxili kadr məsələlərinə bu cür köklənməsi ölkədə mövcud olan və elə hökumətin özü tərəfindən yaradılmış çoxsaylı problemlərin miqyasına qətiyyən uyğun deyil. Almaniyaya növbədənkənar seçkilər lazımdır”, - AfD lideri bildirib.

Qeyd edək ki, bu gün Fridrix Merts hökumətdə ilk kadr dəyişikliklərini elan edib. Kansler bildirib ki, qarşıdakı dövrdə daha çox təyinat və dəyişikliklər olacaq.

Dəyişikliklərə səbəb Bundestaqda Xristian Demokrat və Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyasının sədri Yens Şpanın istefası olub. Merts Kansler Administrasiyasının rəhbəri Torsten Frayın (CDU) Şpanın yerinə CDU/CSU fraksiyasına rəhbərlik edəcəyini açıqlayıb.

Torsten Frayın yerinə səhiyyə naziri Nina Varken təyin olunacaq. Səhiyyə naziri vəzifəsini isə CDU-nun baş katibi Karsten Linnemann tutacaq.