BAKI, 7 noyabr. TELEQRAF
Azərbaycan, ABŞ və Ermənistanın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi məqsədilə yaratdığı üçtərəfli texniki işçi qrupları fəaliyyətə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə üç ölkə hökumətlərinin noyabrın 6-da dərc olunmuş birgə bəyanatında bildirilib.
İşçi qruplarının fəaliyyətə başlaması ilə bağlı keçirilən görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak ediblər.
Bəyanatda qeyd olunub ki, yeni format üç ölkənin hökumət nümayəndələrini və texniki mütəxəssislərini regional nəqliyyat əlaqələrinin inkişafı, uzunmüddətli sabitliyin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə bir araya gətirir.
Tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələləri üzrə fəaliyyət göstərəcək ilk iki üçtərəfli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Bildirilib ki, qrupların fəaliyyəti mürəkkəb texniki məsələlərin həllinə, eləcə də TRIPP layihəsinin növbəti mərhələlərinə keçidinə, o cümlədən digər regional infrastrukturla inteqrasiyasına imkan yaradacaq.
İştirakçılar layihənin bütün komponentlərinin qısa müddətdə praktiki olaraq işə salınmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.