BAKI, 3 iyul. TELEQRAF

Hazırda Kiyevdə ötən gecə Rusiyanın zərbə endirdiyi üç ərazidə qəza-xilasetmə işləri davam edir. Xilasedicilər dağıntıların böyük hissəsini artıq təmizləsələr də, hələ də 10 nəfərlə əlaqə yaratmaq mümkün olmayıb. Axtarış-xilasetmə əməliyyatı zərurət olduğu müddətdə davam etdiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Dövlət başçısı bildirib ki, dünən Kiyevə endirilən zərbələr nəticəsində 30 nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb, onların arasında uşaqlar da var:

“Dünən axşam Rusiya qüvvələri Krivoy Roqa da hücum edərək adi qaraj kooperativinin ərazisini vurublar. Nəticədə 7 nəfər yaralanıb, yaşayış evləri və iki məktəbə ziyan dəyib.

Gecə saatlarında Xarkov vilayətində də fərdi yaşayış evinə zərbə endirilib, 6 nəfər xəsarət alıb, onlardan 3-ü uşaqdır.

Dünən gündüz saatlarında isə Rusiya qüvvələri Xerson vilayət xəstəxanasına raket zərbələri endirib. Zərbələrin hara endirildiyini və bunun heç bir hərbi məqsəd daşımadığını dəqiq bilirdilər. Təəssüf ki, 1 həkim həlak olub, 1 tibb bacısı isə yaralanıb.

Gecə saatlarında Sumı vilayətində dronun çoxmərtəbəli yaşayış binasına zərbəsi nəticəsində 4 nəfər həyatını itirib. Həlak olanlar arasında ana və qızı da var.

Rusiya hər gün və hər gecə adi mülki infrastruktura zərbələr endirir. Terror onların müharibəni dayandırmamaq üçün əlində qalan yeganə vasitəyə çevrilib. Ukraynanın hava məkanının etibarlı müdafiəsi diplomatik səylərin inkişafı üçün vacib şərtdir. Tərəfdaşlarımızın, ilk növbədə ballistik raketlərə qarşı müdafiə sistemləri ilə bağlı dəstəyinə ümid edirik”.