BAKI, 17 noyabr. TELEQRAF
Avropa İttifaqı Ermənistanın enerji təchizatını şaxələndirmək, ixrac imkanlarını artırmaq və qonşu ölkələrlə əlaqələrini gücləndirmək istiqamətində əməkdaşlığı genişləndirir.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos sosial media hesabında paylaşımında bildirib.
Marta Kos Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdüyünü və müzakirələr zamanı qış mövsümü ərəfəsində ölkənin enerji təchizatı mənbələrinin şaxələndirilməsinə dəstək məsələsini müzakirə etdiklərini qeyd edib:
"Aİ-nin Ermənistanın fermerlərinə və biznes subyektlərinə göstərdiyi dəstək artıq müsbət nəticələr verir. Bu ilin əvvəlindən Ermənistanın Avropa İttifaqına ixracı 50 faizdən çox artıb".
O, həmçinin Ermənistanın qonşu ölkələrlə əlaqələrinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin həyata keçirilməsinin davam etdiyini vurğulayıb:
"Bu təşəbbüslər yeni iqtisadi imkanlar yaratmaqla yanaşı, regionda sabitliyin möhkəmlənməsinə də töhfə verəcək".
.