
BAKI, 14 mart. TELEQRAF
Rusiya Ukraynaya təcavüzünə haqq qazandırmaq üçün yeni dezinformasiya kampaniyasına başlayıb. Bu, Rusiya NATO-nun şərq cinahına hücum etmək niyyətində olduğunu göstərə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Qeyd olunur ki, Rusiya bu məqsədlə Belarusdakı daimi hərbi bazasını genişləndirməyi planlaşdırır:
“Ruslar Finlandiya və Baltikyanı ölkələrə (Latviya, Litva və Estoniya) təzyiqləri artırmaq üçün NATO-nun şərq cinahında hərbi mövcudluğunu gücləndirmək istəyirlər”.
ABŞ analitiklərinə görə, Kremlin NATO ölkələrinə qarşı yeni dezinformasiya xarakterli iddiaları bununla əlaqəlidir. Məsələn, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, alyans dövlətlərarası münasibətlərdə təhdidlərdən əsas alət kimi istifadə edir. Onun sözlərinə görə, NATO-nun Avropa qanadı Rusiyanı Baltikyanı regionda bloklamaq siyasətini davam etdirir.
Bundan əlavə, Patruşev hesab edir ki, NATO Rusiya-ABŞ münasibətlərinin normallaşmasına mane olmağa çalışır.