BAKI, 5 mart. TELEQRAF

Ukrayna, ABŞ və Rusiya (prezidentləri) arasında mümkün üçtərəfli danışıqlar məsələsi hələ müzakirə edilməyib, amma Kreml Minski danışıqların keçirilməsi üçün ən yaxşı yer hesab edir.

Teleqraf xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna, ABŞ və Rusiyadan olan həmkarları arasında Minskdə sülh danışıqları təşkil etmək təklifini şərh edərkən deyib.

“Bu məsələ qaldırılmayıb, müzakirə olunmayıb. Amma əlbəttə, bizim üçün Minsk ən yaxşı yerdir. Belarus bizim əsas müttəfiqimizdir, ona görə də bura danışıqlar üçün ən yaxşı yerdir”, - Kreml nümayəndəsi bildirib.

Peskov həmçinin qeyd edib ki, Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlara hazır olması ilə bağlı açıqlamasına müsbət yanaşır:

“Məsələ danışıq masasında kiminlə oturmaqdır.​​​​​ Hələlik Ukrayna prezidenti tərəfindən Rusiya ilə danışıqların aparılmasına qanuni qadağa var. Ümumilikdə yanaşma müsbətdir, amma nüanslar hələ dəyişməyib”.