BAKI, 3 noyabr. TELEQRAF

Ukrayna ordusu gecə saatlarında Rusiyanın beş ən böyük belə müəssisəsindən biri olan Yaroslavl neft emalı zavoduna dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Məlumatda bildirilib ki, Yaroslavl vilayətində Rusiyanın ən böyük neft emalı zavodlarından biri, hərbi aviasiya və texnika üçün yanacaq tədarükçüsü hücuma məruz qalıb.

Hücumdan sonra müəssisədə yanğın baş verib.

1961-ci ildə istismara verilən zavodun illik istehsal gücü təxminən 15 milyon ton neft, yaxud sutkada 300 min bareldir. Müəssisə “Rosneft” və “Qazprom Neft” şirkətlərinin birgə nəzarətində olan “Slavneft” neft şirkətinə daxildir.

Zavod avtomobil benzini, dizel yanacağı, mazut, aviasiya kerosini, yağlar, parafin və digər neft məhsulları istehsal edir. Zavod Rusiyanın Mərkəzi və Şimal-Qərb regionlarının istehlakçılarını neft məhsulları ilə təmin edir, həmçinin Moskva vilayətinin yanacaq təchizatında iştirak edir.

Müəssisənin məhsullarının istehlakçıları arasında hava limanları və Rusiyanın hərbi-sənaye kompleksinin obyektləri də qeyd olunub.