BAKI, 3 noyabr. TELEQRAF
Polşanın xüsusi təyinatlı GROM bölməsinin qüvvələri mümkün təxribatların qarşısını almaq məqsədilə keçirilən əməliyyatda iştirak etmək üçün Rusiyanın Kalininqrad vilayəti ilə sərhəd bölgəsinə göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk bildirib.
“Bölgəyə əhəmiyyətli səviyyədə polis, sərhəd və antiterror bölmələrinin qüvvələrinin göndərilməsi barədə qərar qəbul etmişik”, - Tusk deyib.
Baş nazir qərarı Polşa və xarici xüsusi xidmət orqanlarının hazırlanmaqda olan təxribatlar barədə məlumatları ilə əsaslandırıb.
GROM xüsusi təyinatlılarının Rusiya ilə sərhədə göndərilməsi barədə ilk məlumatı “Wirtualna Polska” yayıb. Nəşrin məlumatına görə, bölmə sərhəddə vəziyyətin müşahidəsi ilə məşğul olacaq. Polşa Polisinin baş komendantı Marek Boron da Kalininqradla sərhəddə təxribatlarla mübarizə əməliyyatı çərçivəsində ölkənin digər bölgələrindən əlavə qüvvələrin cəlb edildiyini açıqlayıb.