BAKI, 1 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə süni intellekt sahəsində ixtisaslaşan yeni tədqiqat universitetinin yaradılması barədə göstəriş verib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu təşəbbüslə Süni İntellektin İnkişafı Şurasının ilk iclasında çıxış edib.

“Bu təhsil müəssisəsinə xüsusi status vermək lazımdır. Həmçinin dünyanın ən yaxşı təhsil müəssisələri bu işə tərəfdaş kimi cəlb edilməlidir. Hökumət ilin sonuna kimi məsələ ilə bağlı konkret təklif verməlidir”, - deyə prezident bildirib.

Qeyd edək ki, Qazaxıstanda Süni İntellektin İnkişafı Şurası prezidentin sərəncamı ilə yaradılıb və ölkədə süni intellektin inkişafı strategiyasını formalaşdıran, iqtisadiyyatın və dövlət idarəçiliyinin əsas sektorlarına texnologiyaların tətbiqini dəstəkləyən, həmçinin sahəvi proqramlar və strateji sənədlərlə bağlı təkliflər hazırlayan məsləhətçi və məşvərətçi orqandır.