BAKI, 15 may. TELEQRAF

Mayın 15-də Tatarıstan Respublikasının (Rusiya) Kazan şəhərində İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Gənclərlə İş Nazirliyi, Tatarıstan “Selet” Gənclər Fondu və bu regionu təmsil edən Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc Sahibkarların 11-ci Beynəlxalq Forumu öz işinə başlayıb.

Teleqraf xəbər verir ki, forumun açılış mərasimində Tatarıstan başçısının köməkçisi Timur Süleymanov, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov, “Selet” Gənclər Fondunun direktoru Aygül Qabdrrəhmanova və digər şəxslər qatılıblar.

Rafiq İsmayılov öz çıxışında təşkilatın Tatarıstan Respublikası hökuməti, bu regionun Gənclərlə İş Nazirliyi ilə əməkdaşlıq etməsindən məmnun olduğunu nəzərə çatdıraraq, forumun əhəmiyyətindən bəhs edib.

Açılış mərasimindən sonra startap nümayəndələri arasında şəbəkələşmə sessiyası keçirilib. Növbəti mərhələdə nümayəndələr öz startaplarına dair ilkin təqdimatlarını ediblər.

İƏT ölkələri, eləcə də Rusiyanın müxtəlif regionlarını təmsil edən 25 startap layihəsinin qatıldığı beynəlxalq forum öz işini işçi qruplar səviyyəsində 3 gün ərzində başa vuracaq. Forum iştirakçıları həmçinin mədəni proqramlara qatılmaqla, Tatarıstanın sahibkarlıq və startap subyektlərinə, o cümlədən görməli yerlərinə səfər edəcəklər.