BAKI, 3 oktyabr. TELEQRAF
Pentaqon bəzi hərbi kibermütəxəssislərə verilən stimullaşdırıcı ödənişləri ildə 12 min dollar azaltmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə və ABŞ Ordusunun sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Kiberkomandanlığında çalışan və baza ixtisas səviyyəsinə malik analitiklər, proqram tərtibatçıları və operatorların aylıq ödənişləri 1000 dollar azaldılacaq.
Eyni zamanda, yüksək ixtisas səviyyəsinə malik kiçik bir qrup mütəxəssisin aylıq ödənişlərinin 3,5 min dollar artırılması nəzərdə tutula bilər.
“Bloomberg” qeyd edir ki, Pentaqonun planları hərbi qulluqçular arasında ciddi narazılıq yaradıb. Bununla əlaqədar nazirlik rəhbərliyi stimullaşdırıcı ödənişlərin birdəfəlik deyil, mərhələli şəkildə azaldılması imkanını nəzərdən keçirir.
Agentliyin qiymətləndirməsinə görə, Pentaqonda aylıq stimullaşdırıcı ödənişlərin zəruriliyi ətrafında yaranan mübahisələr ABŞ ordusunda kifayət qədər yüksək ixtisaslı hərbi kibermütəxəssisin saxlanılması ilə bağlı problemlərin mövcudluğuna işarə edə bilər.