BAKI, 1 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə vəzifəyə başlamasından indiyədək ölkənin Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott “Fox News” telekanalına açıqlamasında bildirib.
“Prezident Tramp və dövlət katibi Marko Rubionun rəhbərliyi dövründə Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib. Bu, Amerika xalqının təhlükəsizliyini qorumaq istiqamətində qətiyyətimizi nümayiş etdirən tarixi göstəricidir”, – o deyib.
Piqottun sözlərinə görə, ABŞ hakimiyyətinin viza verilməsi ilə bağlı qəbul etdiyi hər bir qərar ölkənin milli təhlükəsizliyi ilə birbaşa əlaqəlidir.
O bildirib ki, davamlı yoxlamalar nəticəsində cinayət törədən, terrorizmi dəstəkləyən və ABŞ-ın immiqrasiya sistemindən sui-istifadə edən şəxslər müəyyənləşdirilir.
“ABŞ vizası hüquq deyil, imtiyazdır. Bu imtiyazın şərtlərini pozan hər kəs onu itirəcək”, – Piqott vurğulayıb.
Qeyd edək ki, sentyabrın 28-də ABŞ Dövlət Departamenti Boliviya, Kolumbiya, Ekvador və Perunun korrupsiya və narkotik qaçaqmalçılığına dəstək verməkdə şübhəli bilinən bəzi vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edib.