BAKI, 1 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə yanacağın qiymətinin kəskin artması fonunda dizel yanacağının ixracına qadağa qoyulması imkanını nəzərdən keçirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bu barədə düşünürəm. Energetika naziri Kris Rayt və daxili işlər naziri Duqlas Berqamla məsələni geniş müzakirə edirəm. Onlar hesab edirlər ki, belə bir addım dizel yanacağı bazarında vəziyyəti yaxşılaşdıra bilər. Lakin bu, digər məhsulların bahalaşmasına səbəb ola bilər”, – ABŞ lideri deyib.

Energetika naziri Kris Rayt isə yaxın günlərdə və həftələrdə dizel yanacağının qiymətinin azalacağını proqnozlaşdırıb.

Onun sözlərinə görə, Rusiya, Yaxın Şərq və Çindən tədarükün azalması dünya bazarında ciddi fasilələr yaradıb. Bununla belə, ABŞ-nin neft emalı zavodları rekord istehsal gücü ilə fəaliyyət göstərir.

Rayt bildirib ki, Avropaya əlavə dizel yanacağı tədarükü ilə bağlı yaxın vaxtlarda açıqlamalar veriləcək və bu addımların bazarda qiymətlərin əhəmiyyətli dərəcədə azalmasına kömək edəcəyi gözlənilir.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-da dizel yanacağının bir qallonunun (3,78 litr) orta qiyməti 6,41 dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 3,68 dollar olub.