BAKI, 29 sentyabr. TELEQRAF

ABŞ-nin Tennessi ştatının məhkəməsi 30 il əvvəl kollecdə birlikdə oxuduğu tələbə yoldaşını öldürən qadına çıxarılmış ölüm hökmünün icra olunmasına qərar verib.

Teleqraf “ABC News” istinadla xəbər verir ki, bu, ştatda 200 ildən sonra bir qadının edam ediləcəyi ilk hal olacaq.

Məhkum Kriste Payk 1995-ci ildə cinayəti törədərkən 18 yaşında olub. O və sevgilisi Payk ilə eyni kollecdə oxuyan 19 yaşlı Kollin Slemmerin qətlində təqsirli bilinib. İttiham tərəfinin versiyasına görə, Payk Slemmerin sevgilisini təqib etməsindən qorxaraq onu təcrid olunmuş yerə aparıb və burada sevgilisi ilə birlikdə onu işgəncə ilə öldürüb. Cinayətin qəddarlığı, iştirakçıların yaşı və qurbanın bədəninə kəsik yolu ilə satanist simvolun həkk olunması səbəbindən iş geniş rezonans doğurub.

Payk öz təqsirini inkar etmir, amma vəkilləri hesab edirlər ki, edam belə gənc yaşda, psixi xəstəlikdən əziyyət çəkən və uşaqlıqda ağır cinsi zorakılığa məruz qalmış bir yeniyetmənin törətdiyi cinayətə görə uyğun cəza deyil. Tennessi ştatının qubernatoru Bill Li sentyabrın 28-də əfv haqqında müraciəti təmin etməyəcəyini açıqlayıb. Hökmün icrası sentyabrın 30-na təyin edilib.

Telekanalın məlumatına görə, Paykın edamı təyin olunmuş vaxtda həyata keçirilərsə, o, Tennessi ştatında 1820-ci ildən bəri edam edilən ilk qadın olacaq. ABŞ-də qadın məhbusların edamı nadir hallarda baş verir. 1976-cı ildən etibarən ölkədə 18 qadın edam olunub, bu da ümumi edamların təxminən 1 faizini təşkil edir.