BAKI, 3 oktyabr. TELEQRAF
ABŞ-nin Tennessi ştatında ölüm cəzasına məhkum edilmiş və edam cəhdindən sonra xəstəxanaya yerləşdirilən Krista Payk hələ də huşsuz vəziyyətdədir.
Teleqraf xəbər verir ki, bu barədə CNN məhkumun vəkillərinə istinadən məlumat yayıb.
Vəkillərin bildirdiyinə görə, Payk xəstəxanada süni tənəffüs aparatına qoşulub. Ona ölümcül inyeksiya zamanı istifadə edilən preparatın yeridilməsinin yaratdığı ciddi fəsadlarla əlaqədar tibbi yardım göstərilir.
Krista Payk çərşənbə günü Tennessi ştatında son 200 ildən artıq müddətdə edam edilən ilk qadın olmalı idi. Lakin preparatların yeridilməsi üçün iki uğursuz cəhddən sonra o, xəstəxanaya çatdırılıb.
Payk 1995-ci ildə cinayət törədərkən 18 yaşında olub. O və birlikdə olduğu şəxs Paykla eyni təhsil müəssisəsində oxuyan 19 yaşlı Kollin Slemmerin qətlində təqsirli biliniblər.
İttiham tərəfinin versiyasına görə, Payk Slemmerin onun sevgilisi ilə münasibət qurmaq istədiyindən şübhələnib. O, qızı tənha yerə apararaq birlikdə olduğu şəxslə ona işgəncə verib və öldürüb.
Cinayət qətlin xüsusi amansızlıqla törədilməsi, hadisə iştirakçılarının yaşı və qurbanın bədəninə satanist simvolun həkk olunması səbəbindən geniş rezonans doğurub.