BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində qalib gələcəyi təqdirdə onun barəsində impiçment prosedurunun başladılacağını düşünür.

Teleqraf xəbər verir ki, Tramp Oklahomada tərəfdarları qarşısında çıxışı zamanı seçiciləri Respublikaçılar Partiyasına səs verməyə çağırıb.

“Bu seçkilərdə sizdən xahiş edirəm. Mən seçki bülletenində olanda hər şey yaxşı gedir. Mən bülletendə olmayanda insanlar səsverməyə o qədər də fəal getmirlər. Elə təsəvvür edin ki, mən namizədəm. Sadəcə belə düşünün. Əgər biz qalib gəlməsək, onlar (demokratlar) sonda mənə impiçment elan edəcəklər”, - Tramp bildirib.

Tramp ABŞ tarixində barəsində iki dəfə impiçment proseduru başladılan ilk prezidentdir. Hər iki proses onun ilk prezidentlik dövründə - 2019 və 2021-ci illərdə baş verib.

Hər iki halda impiçment maddələri Konqresin Senatında rədd edilib.